Quraqlığa necə hazırlaşmalıyıq?

Quraqlığa necə hazırlaşmalıyıq?

John Nielsen-Gammon

Jay Banner

Benjamin Cook

Tərcümə: Türkan Qurbanova

Xülasə

Dünyanın bir çox hissəsində quraqlığa rast gəlinir. Belə ki, iqlim dəyişikliyi onu daha kəskin və əvvəlcədən müəyyən edilməsi çətin hala gətirib çıxarır. Bu, həmçinin su təchizatçılarına bu sahədə gələcəyə yönümlü plan qurmağa da mane olur. İndiki halda bu məsələyə dair qərarlar qəbul etmək üçün onlar keçmişdə baş vermiş quraqlıqların araşdırılması zamanı əldə edilmiş məluatlardan istifadə edirlər. Lakin biz hesab edirik ki, gələcəkdə baş verəcək dəyişiklikləri də düşünmək olduqca vacibdir.

Giriş

Nə vaxtsa susuz olduğunuz bir anda ətrafınızda içməli heç nə tapmadığınız olubmu? Bu problemdir, elə deyilmi? Quraqlıq zamanı bu hər sahədə özünü göstərir. Belə ki, bitkilər və məhsullar kifayət qədər böyüyə bilmirlər, sudan daima istifadə edən zavodlar istehsal həcmini azaltmalı olurlar, ailələr daha az su ilə necə idarə edə biləcəklərinə dair qərar vermək məcburiyyətində qalırlar. Quraqlıq uzun müddət ərzində kifayət qədər yağışın baş vermədiyi hallarda meydana gəlir. Onlar fermerlərə, ekosistemə və hətta bizneslərə zərər verirlər.

Quraqlıq dünnyanın bir çox hissəsində yayılmışdır. Onlar əksər iqlimlər üzrə hərəkət edirlər. Lakin son onilliklərdə iqlim dəyişikliyi quraqlıqların xarakterini də dəyişib. Belə ki,  quraqlıqlar daha kəskinləşib. Bəs gələcəkdə quraqlıqların necə olacağını bilmək nə üçün vacibdir?

Gün ərzində susuz qalacağınıza dair bildiriş aldığınız təqdirdə buna hazırlaşırsınız. İçmək üçün biraz su saxlaya bilərsiniz və ya tualetdə istifadə etmək üçün vannadakı suyu saxlaya bilərsiniz. Bu, həmçinin su təchizatçılarınıza da aiddir. Onlar səth sularını toplayır və onları anbarlarda saxlayır və ya su təbəqələrindən su nasoslayırlar. Onlar quraqlığın baş verəcəyini gözlədikləri zaman daha çox ehtiyat su saxlayırlar və ya insanlardan suyu daha ehtiyatla istifadə etmələrini tələb edirlər. Bir çox təchizatçılar su təbəqələrindən təmiz su əldə etmək üçün  yeni anbarlar və ya zavodların planlarını illər öncədən hazırlayırlar. İqlim dəyişikliyi səbəbindən quraqlıq riskinin səviyyəsi də dəyişir. Beləliklə, insanlar gələcəkdə baş verə biləcək quraqlıqlar üçün su təchizatını necə planlaya və idarə edə bilərlər?

Biz Amerikanın rütubətli və quru regionlarına malik olan Texas ştatı üçün quraqlıq ehtimallarını təhlil etdik. Nəticələr oradakı şəraitin gələcəkdə daha quru və isti olacağını göstərir. Su planlaşdırılması bu dəyişiklərə uyğunlaşdırılmalı və gələcək iqlim dəyişikliyini nəzərə almalıdır. İqlim modelləri bunun üçün çox köməkçi ola bilər.

Metodlar

Əvvəla, araşdırma üçün çox uyğun bir yer hesab etdiyimiz Texasın iqlim faktorlarını təhlil etdik. Belə ki, bu ştatın şərqində çox yağıntı olduğu halda, qərb hissəsinə çox az yağış düşür. Speleotemlər (mağaralarda) və ağac halqaları vasitəsilə keçmiş dəyişikliklərə baxdıq. Müasir iqlim qeydlərindən son illərə dair məlumat əldə etmək daha asandır. Keçmiş dəyişikliklər gələcəkdəkiləri təxmin etmək üçün bizə kömək edə bilər.

Biz həmçinin yağıntının quraqlıqların yeganə səbəbi olmadığını da nəzərə aldıq. Yüksək temperaturlar quraqlıqları daha da pisləşdirir. Digər vacib faktor isə suyun torpaqda nə qədər qalması ilə bağlıdır. İnsanların artan ehtiyaclarının da təsiri var.

Daha sonra Texas üçün mövcud quraqlıq proqnozlarına nəzər yetirdik. Bu proqnozlar iqlim dəyişikliyi əsasında gələcək şəraitləri təxmin etməyə çalışırlar. Modeller insanların iqlim dəyişikliyinə qarşı hər hansı bir tədbir görmədikləri halda nələrin baş verəcəyini təhlil edirlər. Onlar həmçinin insanların qlobal istiləşməni azaltmaq üçün addım atdıqları halda baş verəcək nəticəni də nəzərə alırlar.

Biz daha sonra aşağıdakı vacib qruplara necə təsir edəcəyini görmək üçün bütün dataları birləşdirdik:

  1. Fermerlər
  2. Su təchizatçıları

 

Nəticələr

Köhnə məlumatlar Texasın 10000 əvvəl, son Buz dövründən sonra daha nəmli olduğunu göstərir. Daha sonra Texasda bir çox quraqlıq baş vermişdir. Onlardan bəziləri 10 il və ya daha çox davam etmişdir, bunlar meqa quraqlıqlar adlanır. Daha yaxın dövrlərdə 1975-ci ildən başlayaraq temperatur yüksəlməyə davam edir.

İqlim təxminləri temperaturun artmaqda davam etdiyini göstərir. Onlardan bəziləri gələcəkdə yağıntıların daha az olacağını ehtimal edir. 21-ci əsrin ikinci yarısında modellərin çoxu Texasın daha quru olduğunu təxmin edir.

Müzakirə

İqlim təxminləri Texasın 21-ci əsrdə daha quru və isti olacağını göstərir, çünki iqlim dəyişikliyi daha yüksək temperatura gətirib çıxarır və yağıntıların daha az sabit olmağına səbəb olur. Su planlaşdırması bu dəyişikliklərə uyğunlaşdırılmalıdır. Əlavə olaraq, artmaqda olan əhali və bizneslərin sayı suya tələbatı da öz növbəsində artırır. Bu da su təchizatını daha da genişləndirir.

Bu, araşdırdığımız iki qrup üçün nə deməkdir?

  1. Fermerlər iqlimin ilbəil necə dəyişəcəyini bilməlidirlər. Onlar adətən əvvəlki təcrübələrinə etibar edirlər, lakin daha yaxşı proqnozlar fermərlərə nəyi və nə vaxt əkmək barədə kömək edə bilər. Onlar həmçinin fermerlərə torpağın alqı-satqısı kimi uzun müddətli qərarlar verməkdə də kömək edə bilərlər.
  2. Su təchizatçıları illər öncədən plan qururlar. Texasda dövlət bildirir ki, su təchizatçıları sadəcə son illərdə baş vermiş quraqlığa oxşar quraqlıqlar üçün kifayət qədər suyun olub olmadığına əmin olmalıdırlar. Onlar gələcəkdəki iqlim dəyişikliyini nəzərə almalı deyillər. Bunu etmək üçün onlarda gələcək yağıntılar və temperaturlar haqqında çoxlu məlumat olmalıdır. Onlar həmçinin anbarlara axan və ya su təbəqələrinə sızan suyun miqdarının necə dəyişəcəyini də bilməlidirlər.

Bizim təhlilimiz daha yaxşı iqlim məlumatlarının həm fermerlərə, həm də su təchizatçılarına kömək edə biləcəyini göstərir. Ən kəskin quraqlıq göstəcirilərinə əsaslanaraq qərar vermək bu günə qədər yaxşı bir strategiya olmuşdur. Lakin daha da şiddətli quraqlığın yaxınlaşdığı ehtimal olunur və su tədarükçüləri buna dair planlaşdırma aparmalıdırlar. Su təchizatını idarə edərkən gələcək iqlim dəyişikliyini də nəzərə almaq vacibdir.

 

Mülahizə

Su həyat üçün vacibdir. Bir çox qlobal iqlim modelləri onun azaldığını göstərir. Buna görə də onu qorumaq çox vacibdir. Aşağıda sizin edə biləcəklərinizin bəziləri verilir:

  • Daha qısa müddətdə duş qəbul edin – və ya duşunuzu vannada qəbul edirsinizsə su çanağını tam doldurmayın!
  • İstifadə etmədiyiniz hallarda suyu açıq saxlamayın.
  • Yağış yağarkən damdan axan suları toplayın, daha sonra həmin su ilə gülləri sulayın.
  • Suyunuzun haradan gəldiyini və quraqlıq zamanı bu ehtiyatın nə qədər davam edəcəyini öyrənin.