Dəniz quşları necə paylaşır?

Dəniz quşları necə paylaşır?

Christina Petalas,

Thomas Lazarus,

Raphael A. Lavoie,

Kyle H. Elliott

Mélanie F. Guigueno

Köməkçi redaktorlar:

Liesa Ziegler və Lindsay Martin

Tərcümə:

Asudə Abdullayeva

Qərənfil Həsənova

Xülasə

Təsəvvür edin ki, siz və dostlarınız rəsm dərsi üçün layihə üzərində işləyirsiniz. Amma bir problem var. Layihəni tamamlamaq üçün lazım olan hər rəngdən yalnız bir qələminiz var.Vay-vay! Hər biriniz sarı rənglə başlamaq istəyirsiniz. Bu halda  nə edərsiniz? Sarı qələmə görə mübahisə edərsiniz? Yoxsa karandaşları bölüb biriniz sarı rəngdən, bir başqası yaşıl  və ya qırmızı rəngdən istifadə etməklə işə başlayarsınız?

 

Doğru təxmin etdiniz! Mübahisə etmək, qələmləri bölüşdürməyin doğru yolu deyil. Dəniz quşlarının da paylaşmağın vacibliyini bildiyini bilirdinizmi? Onlar müxtəlif növlərdən olan çoxlu sayda dəniz quşları və yüzlərlə digər quşların daxil olduğu böyük qruplarda yaşayırlar.

Onların da məhdud resursları var – amma bunlar karandaşlar deyil, yemək resurslarıdır. Dəniz quşlarının birlikdə yaşamaq üçün məhdud resurslarını necə böldüklərini bilmək yaxşı olardı!

 

Giriş

Dəniz quşlarının əksəriyyəti  müxtəlif növlərdən olan çox sayda quşlarla birgə böyük koloniyalarda (qruplarda) yaşayır. Belə qruplarda yaşamaq tək yaşamaqdan daha təhlükəsizdir, çünki bu quşları onlara zərər verə biləcək yırtıcılardan qoruyur. Böyük qruplarda yaşamağın çətin tərəfi bütün quşların balıq yeməyi xoşlamasıdır. Yəqin ki, bunun problemlərə səbəb olacağını təsəvvür edə bilirsiniz. Məsələn, hər bir koloniyanın yaxınlığında yalnız məhdud sayda balıq üzür. Dəniz quşları dalaşmadan birlikdə yaşamaq istəyirlərsə, məhdud qidalarını bölmək məcburiyyətindədirlər.

 

Biz  dörd növ dəniz quşları qrupunu-

  1. Atlantik pafinləri (Atlantic puffins)
  2. Ülgüc dimdiklilər (Razorbills)
  3. Delfinkimilər (Common murres) və
  4. Qara ayaq qağayıkimilər ( Black-leggedkittiüakes) qrupunu müşahidə etdik.

 

Bu dörd növ quşun (Şəkil 1) bəzi ortaq cəhətləri var, lakin təbii ki, onlar həm də müəyyən mənada fərqlidirlər. Puffinlər, ülgücdimdiklilər və delfinkimilər suya baş vura bilirlər.

 

Qağayıkimilərin isə belə bacarıqları yoxdur, ona görə də yalnız suyun səthinə yaxın üzən balıqları tutub yeyə bilirlər.

Bu, qağayıkimilərin yeyə biləcəyi balıqların sayını məhdudlaşdırır.

 

Quşların əksəriyyəti yuvalarını spesifik yerlərdə qurmağı xoşlayır.

1.Pafinlər yerdə qazdıqları çalalarda yaşamağı xoşlayırlar.

  1. Ülgücdimdiklilər və delfinkimilər böyük qayalıqlarda tapdıqları yarıqlarda yaşayırlar.
  2. Qağayıkimilər sıldırım qayaların kənarında yuva qurmağı xoşlayırlar.

Biz onu da bilirik ki, hər bir quş növü yorulmadan fərqli məsafələrə uça

bilir, ona görə də onların hər biri müxtəlif yerlərdə yemək axtarır.

Biz dəniz quşlarının sülh şəraitində birlikdə yaşamaq üçün öz fərqli cəhətlərindən necə istifadə etdiklərini öyrənmək qərarına gəldik.

 

Metodlar:

Bu suala cavab vermək üçün dörd quş növünün hər birindən bir neçəsini (əsasən əllə) tutduq və onların bədənlərinə simsiz GPS izləyiciləri bağladıq.  Çalışdıq ki bunu edərkən heç bir quşa zərər verməyək. Biz bunu Kanadanın Betchouanes və Île de la Maison adalarında etdik (Şəkil 2). Bundan sonra quşlar hər dəfə yuvalarına qayıtdıqda simsiz GPS-dən məlumatları izlədik. GPS simsiz olduğundan quşların qida tapmaq üçün haralara  uçduqlarını müşahidə etmək üçün onları narahat etməli olmurduq.

 

Biz yalnız Betchouanes adasından əldə etdiyimiz GPS məlumatlarına baxdıq. Təəssüf ki, paffinlər üçün GPS məlumatlarına baxa bilmədik, çünki izləyicilərdə bəzi problemlər oldu.

 

Quşları durbin və kameralarla da izləyirdik ki, onların öz balalarını qidalandırmaq üçün yuvalarına hansı növ yeməklər gətirdiklərini öyrənək. Bu yolla biz onların hamısının eyni balıq növlərini yediyini və ya hər birinin müəyyən növləri xoşladıqlarını görə bildik. Bunu qağayıkimilər üçün edə bilmədik, çünki onlar dimdiklərində yemək daşımırlar. Əksinə, yeməyi mədələrində gətirirlər. Bu o deməkdir ki, onlar balığı udub sonra balalarının boğazına qusurlar.

 

 

İyrənc səslənir, elə deyilmi? Amma bunun bir mənası var! Valideyn qağayıkimilər üçün yeməkləri mədələrində daşımaq, balalar üçün də artıq kiçik parçalara ayrılmış balıqları yemək daha asandır.

 

 

Nəticə:

Biz öyrəndik ki, fərqli dəniz quşları eyni ov yerlərindən bəzilərini bölüşürlər. Lakin onların hamısının öz sevimli balıq növləri və ya yuvadan nə qədər uzaqlıqda uçduqları ilə bağlı fərqləri var. Məsələn, ülgücdimdiklilər koloniyalarının yaxınlığında ov edirdilərsə, qağayıkimilər yemək tapmaq üçün daha uzaqlara uçurdular (Şəkil 3). Delfinkimilər daha böyük balıqlar və çoxlu müxtəlif növlər tapa bilirdilər. Bu, yəqin ona görədir ki, onlar digər dəniz quşlarından daha dərinə baş vura və orada daha böyük və müxtəlif növ balıqlar tapa bilirlər.

Bu fərqlər onlara qida ehtiyatları (balıq) uğrunda mübarizə aparmadan birlikdə yaşamağa imkan verir.

 

 

Özünüzü Yoxlayın:


Dəniz quşlarının hansı növü koloniyaya ən yaxın məsafədə ov edir? Sizcə bu növ quşlar niyə belə qısa müddət ərzində ov edə bilirlər?

 

Müzakirə:

Biz fərqli dəniz quşlarının nə üçün birlikdə dinc yaşaya bildiklərini öyrəndik. Səbəb onların məhdud resurslarını bölüşdürmələridir. Əvvəlcə onların hamısının eyni balıq yediyini düşünürdük – bu da yemək uğrunda bir çox döyüşlərə səbəb ola bilər. Amma biz izah etdik ki, onlar dadlı balıqları paylaşa bilmək üçün həyat tərzlərindəki kiçik fərqlərdən istifadə edirlər. Həmin fərqlərdən bəziləri bunlardır:

  1. Onlar balığı koloniyalarından müxtəlif məsafələrdə ovlayırlar.
  2. Daha çox balıq tapmaq üçün suyun müxtəlif dərinliklərinə baş vura bilirlər.
  3. Onlardan bəziləri daha kiçik, bəziləri isə daha böyük balıqları yemeyi xoşlayır.
  4. Puffinlər və ülgücdimdiklilər bir çox balıq, delfinkimilər isə yalnız bir növ balıq yeyir.

 

Böyük bir qrup halında yaşamaqla müdafiədən yararlanmaq üçün dəniz quşları bir-birlərinə uyğunlaşmağı öyrənmişlər. Onlar zamanla ov etməyin yeni yollarını öyrənirlər ki, xoşbəxt yaşaya və bir-birlərinə kömək edə bilsinlər. Məhdud balıq ehtiyatlarının bölüşdürülməsinə niş diferensiasiyası deyilir. Bu, çoxlu sayda  heyvanın qida uğrunda mübarizə apardığı təbiətdə çox vacib bir prosesdir.

 

Nəticə:

Dəniz quşlarından çox vacib bir şey öyrənə bilərik: Yaxşı olar ki, hər kəs resurslar üstündə dalaşmaq əvəzinə onları bölüşdürməyi bacarsın.

Dostlarınızla rəsm və incəsənət layihəsinin nümunəsini xatırlayırsınızmı? Bu bir çox başqa vəziyyətlərdə də işə yarayır!

 

Məsələn, vaxt məhdud resursdur.

Təbiətşünaslıqdan tapşırığınızı başa düşmək üçün sizə iki saat vaxt lazım ola bilər. Amma ola bilsin ki, təbiətşünaslığı həqiqətən çox yaxşı bilən yaxşı bir dostunuz var. Niyə dostunuzdan bunu izah etməsini xahiş etməyəsiniz? Bu tək başına öyrənməkdən daha sürətli olacaq. Beləliklə, sizin hər ikiniz dərslərdən yaxşı qiymət almaqla yanaşı, həm də məktəbdənkənar fəaliyyətlərə daha çox vaxt sərf edə bilərsiniz.

 

Açar terminlər:

Quş koloniyaları - bəzi dəniz quşları qrup halında yaşamağı sevirlər. Bəzən bu koloniyalar yalnız bir növdən deyil, bir çox fərqli növdən olan quşlardır! Onların çoxluğu onları quşlara zərər verə biləcək yırtıcılardan qoruyur.

 

Niş diferensiyası (fərqləndirmə ) – müxtəlif növ heyvanlar bir ərazidə birlikdə yaşadıqda, yəqin ki, mübarizə aparmaq üçün ən azı bir resurs olacaq (balıq kimi). Niş diferensiyası o deməkdir ki, birlikdə yaşayan heyvanlar zamanla resursları bölüşmək üçün uyğunlaşır (dəyişir) ki, hər kəs üçün kifayət qədər yem olsun.

 

Yırtıcılar - əsasən digər heyvanları öldürüb onlarla qidalanan heyvanlar. Dəniz quşları yırtıcılarının bəzi nümunələri insanlar, sincablar, ilanlar, qurbağalar, marallar və koyotlardir.

 

Resurslar - insanların və ya heyvanların ehtiyaclarını ödəmək üçün istifadə etdikləri. Qida həm insanlar, həm də heyvanlar üçün resurs nümunəsidir.

 

Növlər - oxşar xüsusiyyətlərə malik canlılar qrupu. Məsələn, puffinlər, ülgücdimdiklilər, delfinkimilər və qağayıkimilər müxtəlif dəniz quşlarıdır.

 

Simpatrik növlər – bir ortaq əcdaddan təkamül keçirən (inkişaf etmiş), lakin eyni bölgədə qalıb birlikdə yaşayan müxtəlif növlər.


GPS izləyicisi – hərəkət edən bir şeyin (quş kimi) yerini tapmaq üçün peyklərdən gələn siqnallardan istifadə edən radio sistemi. Bu tədqiqatda İzləyicilər alimlərə quşların qida üçün ovladıqları yeri görməyə kömək etdilər.

 

Özünüzü Yoxlayın:

  1. Dörd dəniz quşu növündən hansı daha dərinə cuma bilir?
  2. Sizcə, niyə qağayıkimilər yem axtarmaq (tapmaq) üçün koloniyadan ən uzağa uçur?
  3. GPS izləyicilərini yerləşdirmək üçün quşları necə tutduq? Onları tutmağın başqa yolunu düşünə bilərsinizmi?
  4. Sizcə başqa hansı heyvanlar simpatirk növ ola bilər?

Ədəbiyyat

Christina Petalas, Thomas Lazarus, Raphael A. Lavoie, Kyle H. Elliott and Mélanie F. Guigueno (2021) Foraging Niche Partitioning in Sympatric Seabird Populations. Nature Scientific Reports.

https://doi.org/10.1038/s41598-021-81583-z

 

 

 

 

Fayllar